Yol hərəkəti qaydaları
I. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü:
1) sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır;
2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır;
3) yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir;
4) yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir;
5) hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir;
6) konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir;
7) üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir;
8) hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir;
9) yolda su və ya palçıq olduqda, nəqliyyat vasitəsini idarə edərkən, onların piyadalara, binalara və başqa nəqliyyat vasitələrinə sıçramamasına çalışmalıdır;
10) hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir;
11) yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının — uşaqların, əlilliyi olan şəxslərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal — ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur;
12) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən sağ əlindəki üfiqi vəziyyətdə olan jezllə və ya onların nəqliyyat vasitələrindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud xüsusi səs siqnalı ilə ona verilən işarəyə nəqliyyat vasitəsini dayandırmalıdır;
13) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir;
14) nəqliyyat vasitəsini idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən olunmuş hallarda tibbi müayinədən keçməlidir;
15) təcili tibi yardıma ehtiyacı olan şəxsləri daşımalıdır.
II. Bu maddə ilə müəyyən edilmiş sənədlər özündə olmayan nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
III. Mexaniki nəqliyyat vasitələri:
1) təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə;
2) yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, eləcə də qanunla nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməlidir.
Qeyd: 1) bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məqsədlər üçün nəqliyyat vasitəsinin təqdim edilməsi tələbi diplomatik korpusa və digər şəxslərə məxsus nəqliyyat vasitələrinə şamil edilmir; 2) nəqliyyat vasitəsindən istifadə etmiş şəxslər sürücünün tələbi ilə yol getmə müddətini, gedilmiş məsafəni, özünün soyadını, vəzifəsini, xidməti vəsiqəsinin nömrəsini, işlədiyi təşkilatın adını göstərməklə arayış verməli və ya yol vərəqəsində qeyd aparmalıdırlar, tibb işçiləri isə sürücüyə müəyyən edilmiş nümunədə arayış verməlidirlər; 3) nəqliyyat vasitəsinin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşına təqdim edilməsi ilə əlaqədar xərclər nəqliyyat vasitəsi sahibinin tələbi ilə müəyyən edilmiş qaydada həmin orqanlar tərəfindən ödənilir.